“Milli Dəyərlərin Qorunması Təşkilatının” təşkilatçılığı ilə Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

2023cü il Aprelin 14 və 15-də keçirilən tədbir “Heydər Əliyev-100” və şəhidlərin ömür yoluna həsr edilmiş “Vətənpərvərlik -ən ali mənəvi dəyər” sənədli filminin təqdimatı ilə Şəki şəhərində baş tutdu. Şəki üzrə “RQC” İB-nin sədri və “MDQ” İB Fəxri üzvü Arzu Vəlibəyovanın təşkilatçılığı ilə aprelin 14-də tədbir iştirakçıları-“MDQ” İB-nin nümayəndələrindən Şəhid anaları Vəfa İzzət və Səxavət Hacıyeva, Qazi və Şəhid analara dəstək şöbə rəhbəri İlahə Rəhimli, İB-in Fəxri üzvləri- Ofelya Lütfəliyeva, Filologiya ü. f. doktoru Nailə Yusifova, Mədəniyyət şöbə rəhbəri Şəhla Mirbağırova, Tədbirlərin yayımı ü.r. Əfsanə Əliyeva və “MDQ“ İB-nin İdarə Heyətinin Fəxri üzvü Arzu Vəlibəyova ilk olaraq Şəki İH müavini Zərinə Cavadova ilə görüşdük. Zərinə Cavadova tədbirin Şəki şəhərində keçirilməsini yüksək qiymətləndirdi.

Müəllifi olduğum “Hər tamaşa isə bir ömür” kitabını və Filmin diskini Şəki İcra Hakimiyyətinə hədiyyə olaraq təqdim etdim.

Səmimi dialoqlardan sonra Zərinə Cavadova ilə birlikdə Ulu Öndərin abidəsini, Heydər Əliyev Mərkəzini və Şəhidlər xiyabanını ziyarət edərək, ruhlarına dualar oxuduq və əklillər qoyduq.

Tədbirin davamı Aprelin 15-də baş tutdu. Arzu Vəlibəyovanın dəvətilə tədbirdə Şəki şəhərinin şəhid ailələri və Qazilər, təşkilat rəhbərləri, Şəki şəhər “Gözdən Əlillər Cəmiyyəti“nin sədri Aslanov Teyyub, “Balans İqtisadi Maarifləndirmə” İB sədri Möhbəli Nağıyev, Qəsəbə nümayəndəliyinin sədri Nəsrullayeva Rəna, Tibb Kollecinin müəlliməsi Maqsudi Tacirə, Şəki şəhər təhsil işçiləri Məmmədova Natella, İsmayılova Əminə, sahibkar Nigar xanım iştirak edirdi. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və Azərbaycanın dövlət himni səsləndirildi.

Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan söz açaraq, Heydər Əliyevin xalqının ən çətin anlarında köməyə gələrək, xalqına, millətinə dayaq olması haqda etdiyim çıxışımdan sonra Əfsanə Əliyeva, Nailə Yusifova və İlahə Rəhimli - Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ətrafında məruzə edərək, Ulu Öndərin daima Azərbaycan Respublikası uğrunda atdığı uğurlu addımlarından söz açdılar. Qeyd edildi ki, bu gün Ulu Öndər cismən aramızda olmasa da, Onun əbədi ideyaları hər zaman qəlbimizdə yaşamaqdadır. Onun siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyev cənablarının Atansının siyasətini uğurla davam etdirərək xalqına, millətinə dayaq olmasını bir daha vurğulandı.

Layihə rəhbəri olduğum-Şəhid Cəbrayıl Dövlətzadə və Pəncəli Teymurovun döyüş yoluna həsr etdiyim filmin nümayişi tədbir iştirakçıları tərəfindən çox yüksək qarşılandı. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün etdiklərindən söz açaraq, filmin də təəssüratından danışdılar. Şəhid anaları burada da birləşdilər. Təbirin Şəki şəhərində yüksək səviyyədə keçirilməsində təşkilatçılığa görə Arzu Vəlibəyova və Ofelya Lütfəliyeva “MDQ” İB-nin “Ağamusa Zirvəsi” Diplomu ilə təltif edildi.

Bununla bərabər Arzu Vəlibəyova, Ofelya Lütfəliyeva və Əfsanə Əliyevaya üzvlülük vəsiqələri təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi.