“ÜNS” Te­atrının bi­nası

2006-cı ildə “ÜNS” teatrı tikiləcək deyə, Neftçilər pr. 69 ünvanlı nəhəng, əzəmətli bina sökülərkən köməyimə çatan Bakı şəhərinin İcra Hakimiyyətinin nümayəndələri binanın fasadının saxlanılmasına razılıq verdi. Qeyd edim ki, bu binaın fasadı sanki Şirvanşahlar sarayını xatırladır. 2004-cü ildə Azərbaycan Respubliikası Milli arxivin arayışına əsasən bina ilə bağlı “Bakı şəhəri dairə məhkəməsinin baş notariusunun kontoru” fondunun sənədlərindəki kupçalara görə 11 avqust 1914-cü ilə dair çıxarışı və Bakı şəhər İdarəsinin Qiymətləndirmə bürosunun 1918-ci ilə dair kartoçkasına əsasən, Birinci Gildiya Bakı taciri A.M.Nağıyevin Bakı şəhərinin 1-ci hissəsində, Naberejnaya küçəsi, məhəllə 3-də, sonradan Neftçilər pr. №25, daha sonra №69 ünvanda -960 kv. sajına bərabər olan (1kv.sajın = 4,550 kv.m.) 1 mərtəbəli daş mülkü- topraq sahəsi və həmin sahədə inşa edilmiş tikililərin sahibi olduğu göstərilir. O zaman evin ümumi gəliri 8.768., təmiz gəliri isə 6.269 rubla bərabər olub. Ticarət-sənaye üçün istifadə olunan hissəsinin gəliri 7.872 rubla, at tövləsinin gəliri 300 rubla bərabər olmuşdur. Mülkün 308 kv. arşına bərabər olan 10 otağından 9-u işıqlı, biri qaranlıq olub. Sahəsi 360 kv. arşına bərabər olan tövlədən və 17 ədəd dəhlizdən (arakəsmələrdən) ibarət olub. Burada anbar üçün ayrılmış 2 ədəd yer olub. Arakəsmələrin və anbar üçün ayrılmış yerin sahələri 2386 kv. arşına bərabər olub. Əsas: ARDTA 19.11.2004 tarixli 9/445 №-li arayış. 25.10.2006 il tarixli “Azərbaycan Respubliikası Mərkəzi Statistika Komitəsinin (arxiv fondunun sənədlərindən) arayışından bəlli olur ki, 1926-cı ildə Bakı şəhəri üzrə mülk sahiblərinin siyahılarında qeyd olunub ki, Naberejnaya 25- ünvanında yerləşən 21 (iyirmi bir) yaşayış mənzilindən ibarət olan bu mülk Kommunxoza verilmişdir. 44 1920-ci ildən sökülənədək binada “Yarımstansiya elektrik şəbəkəsi” yerləşib. Baxımsızlıqdan binanın xaricinə sanki his çəkilmişdi. Yadımdadır, atam binaya baxanda deyirdi ki, “Atalar düz deyib ki, ağ gün ağardar, qara gün qaraldar”. Bu gün bu binanın ağardılmış fasadına baxanda mənim də bir gözüm gülür, o biri ağlayır. Tikdirdiyi çoxsaylı binalarına görə bütün milyonçulardan fərqli olub Ağa Musa Nağıyev. P.S. Yəqin çoxları bilmir ki, Bakıda Balaxanski, sonra Basin və daha sonradan M.Füzuli adlanan küçədəki 4 mərtəbəli - uzun illər “Kəndçi balnıskası” kimi tanıdığımız 4 №li xəstəxana, 1912-1913-cü illərdə memar K.A.Borisoqlevski tərəfindən inşa olunan bina, ilk “Kişilər Gimnaziyası” olub. Neçə illərdir ki, xəstəxana kimi fəaliyyət göstərən bu bina boşaldılıb, qapıları qıfıllanıb. Binanın “gələc taleyi” çox müəmmalıdır..